“Böyük Qayıdış” gənclər təşkilatı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103 illiyi münasibəti ilə əlaqədar tədbirlər təşkil edilib.
Silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, üzv və könüllülərin iştirakı ilə Azərbaycan İstiqlal muzeyinə ekskursiya təşkil edilib və gənclər arasında “Poliqon” strateji intellekt oyunu üzrə “Zəfər” turniri keçirilib.
Tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub. Bu ilki tədbirlərin özəlliyi ondadır ki, müasir müstəqillik tariximizdə ilk dəfə Respublika gününü 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası fonunda qeyd edirik.
Azərbaycan İstiqlal muzeyinə ekskursiya təşkilat nümayəndələrinin, könüllülərin və bir qrup Vətən müharibəsi qazilərinin iştirakı ilə baş tutub. Ekskursiya zamanı iştirakçılar tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının öz müstəqilliyi uğrunda apardığı mübarizəni əks etdirən eksponatlarla, eləcə də dövlətimizin mədəni-tarixi həyatındakı mühüm hadisələr, müstəqillik tarixini əks etdirən video, foto arxiv və sənədlərlə tanış olublar.
Tədbirlər çərçivəsində gənclərin iştirakı ilə Gənclərin Resurs Mərkəzində “Poliqon” strateji intellekt oyunu üzrə təşkil olunan turnirdə 48 nəfər gənc 8 komandada qələbə uğrunda mübarizə aparıblar. İştirakçılara suallar Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ, Şanlı Zəfər tarixi mövzularında verilib. Qalib gələn komandalar qiymətli hədiyyələrlə təltif olunub.