Azərbaycanın aparıcı gənclər təşkilatlarının nümayəndələri 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edərək, ümummilli liderin məzarı önünə əklil və gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini yad ediblər.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi müasir dövlətçiliyimizin memarı kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq, dövlətinə və xalqına sonsuz sevgi və sədaqət ona Azərbaycan xalqının ürəyində əbədi ümummilli lider mövqeyi qazandırıb.
“Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” deyən ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və davamlı inkişafın təməlini qoydu. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Bu gün əldə edilən bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyən edilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla və əzmkarlıqla davam etdirməsi faktı dayanır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Bu il Azərbaycan xalqı Qurtuluş Gününü daha yüksək əhval-ruhiyyə ilə qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Vətən müharibəsində parlaq zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli liderin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirdi.
Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin öz ölkəsi üçün gördüyü əvəzsiz və misilsiz xidmətləri hər zaman xatırlayaraq, ümummilli liderin əziz xatirəsini öz qəlblərində dərin hörmət və ehtiramla yaşadır və ümummilli liderin gənclərə etdiyi tövsiyələri yerinə yetirmək əzmindədir.