“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Qazilərlə bir gün” layihəsi çərçivəsində Quba və Xaçmazdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib.
Səfər çərçivəsində Birinci və İkinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub, həmçinin rəsmilərlə görüş və qazilər üçün şəhər turu təşkil edilib.
Layihəyə cəlb olunan qazilər ilkin olaraq Birinci Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanı ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad ediblər.
Ziyarətlərin davamında qazilərlə qeyri-rəsmi formatda baş tutan görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov, millət vəkilləri Vahid Əhmədov, Eldəniz Səlimov, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, kapitan Tofiq Əzizov iştirak ediblər. Rəsmilər çıxışlarında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədən, əsgər və zabitlərimizin bu qələbədə rolundan, Vətən müharibəsi iştirakçılarına dövlət dəstəyi və bu istiqamətdə görülən işlər, yaradılan təminatlar barədə danışıblar.
Qəhrəman qazilərimizi daim diqqət və qayğı ilə əhatə etmək hər bir cəmiyyət üzvünün vəzifəsi olduğunu bildirən natiqlər gənclərin bu kimi layihə və təşəbbüslərini yüksək qiymətləndirərək davamlı olmasını tövsiyə ediblər.
Günün yekununda isə qazilərin və könüllü gənclərin iştirakı ilə Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət olunub və qazilər üçün şəhər turu təşkil edilib.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir. Layihənin əsas məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qaziləri diqqətdə saxlamaq, qəhrəman qaziləri cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən uğrunda döyüşən insanlara dəstəyini artırmaq, qazilərin iştirakı ilə müxtəlif maraqlı fəaliyyətlər təşkil etməklə onların cəmiyyətə reinteqrasiyasına dəstək olmaqdır.
Bu günədək layihə çərçivəsində təşkilat tərəfindən paytaxt və regionlarda könüllü gənclərin iştirakı ilə qazilərlə görüşlər keçirilib, həmçinin Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil edilib. Növbəti günlərdə digər regionlardan olan qazilərin də Bakıya səfərlərinin təşkili nəzərdə tutulur.