Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin birgə təşkilatçılığı ilə “Xarıbülbül” Şəhid və Qazi övladlarının yay düşərgəsi başa çatıb.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın övladlarının xüsusi diqqət və qayğı ilə əhatələnməsi, onların təhsil və şəxsi inkişaflarına dəstəklənməsi daim əsas hədəflərdən biri olaraq götürülür. Bu xüsusda həyata keçirilən şəhid və qazi övladlarının yay düşərgəsində gənclər asudə vaxtlarının səmərəli keçirilməsinə və inkişaflarına dəstək olunacaq fəaliyyətlərə cəlb olunublar.
5 gün davam edən “Xarıbülbül” yay düşərgəsində iştirakçılar Şamaxının tarixi-mədəni abidələri və digər turizm məkanlarına səfərləri təşkil olunub, Vətən müharibəsi iştirakçılarının, rəsmilərin və məşhur simaların iştirakı ilə görüşlərdə iştirak edib, şəxsi və komanda inkişafı yönümlü təlimlərə qatılıb, müxtəlif ideyalarının və layihə təkliflərinin müzakirəsinə, intellektual, komanda oyunları, mədəniyyət axşamları və asudə vaxt üçün müxtəlif əyləncəli fəaliyyətlərə cəlb olunublar.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə 60 nəfər şəhid və qazi övladının iştirak etdiyi düşərgə Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris mərkəzində keçirilib və layihələrin davam etdirilməsi planlaşdırılır.