“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.
Silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən “Şəhidimiz” kampaniyasına start verilib, bölgələrdə yaşayan Vətən müharibəsi qazilərinin Bakıya səfəri təşkil olunub, “shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib.
“Şəhidimiz” kampaniyası çərçivəsində ilk olaraq Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində yaşayan 40 şəhid ailəsi təşkilatın nümayəndələrinin və könüllü gənclərin iştirakı ilə ziyarət olunub. 44 gün davam edəcək kampaniyaya qoşulmaq üçün gənclər və könüllü təşkilatlarına, gənclərin təşəbbüs qruplarına çağırışlar edilməsi, könüllü gənclərin iştirakı ilə ölkə üzrə şəhid ailələrinin ziyarət olunması nəzərdə tutulub.
Təşkilat tərəfindən Anım Günü ilə əlaqədar olaraq Vətən müharibəsində sağlamlığını itirmiş, regionlarda yaşayan bir qrup qazinin Bakıya səfəri təşkil edilib, təşkilat nümayəndələrinin, qazilərin, üzv və könüllülərin iştirakı ilə I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkı ziyarət edilib. Ziyarətlər zamanı gənclər tərəfindən Müzəffər Ali Baş Komandanın söylədiyi, Qələbənin simvoluna çevrilən “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib. Günün yekununda səfər iştirakçıları üçün şəhər turu təşkil olunub.
Silsilə tədbirlər çərçivəsində onlayn formatda, paytaxt və region gənclərinin iştirakı ilə “shehidimiz.az” portalının yenilənmiş versiyasının təqdimatı keçirilib. Təqdimat zamanı diqqətə çatdırılıb ki, gənclərdən ibarət könüllü qrupları yaradılaraq funksional imkanları artırılmış portala əvvəlki kontentlər yeni redaktədə daxil edilib, yeni alt bölmələr yaradılıb, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin məlumatları toplanaraq portala əlavə olunmasına başlanılıb.
Tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilib.