Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 7-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetində baş tutmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova, ATGTİ sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun çıxışları ilə davam edib.
Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə 44 günlük Vətən müharibəsi kadrlarını özündə əks etdirən videoçarx nümayiş etdirilib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi hörmət və ehtiramla anılıb, tarixi zəfərimizin qazanılmasında onların göstərdikləri şücaət və fədakarlıq yad edilib.
Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri – Əhliyət Mehdiyev, Xankişi Yusifov, Vüsal Yaqubov və Fariz İmanov çıxış edib, keçdikləri döyüş yolu və müharibə dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.
Daha sonra universitetin tələbələri – UNEC Türk Dünyası İqtisad Fakültəsinin TGT sədri Aqil Quliyev, Maliyyə və mühasibat fakültəsinin tələbəsi, “UNEC könüllüləri” təşkilatının sədri Orxan Vəliyev və Biznes və menecment fakültəsinin tələbəsi, fakültə tələbə gənclər təşkilatının sədri Məryəm Bağırzadə öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. ATGTİ-nin sədr müavini, UNEC Tələbə Gənclər Təşkilatının sədri Əli Əliyev çıxış edərək qazilərə tələbələr adından təşəkkür edib.
Vətən müharibəsinin qaziləri ilə keçirilmiş panel görüşdən sonra baş tutmuş sual-cavab sessiyasında igidlərimiz cəbhədəki uğurlarımızın ən başlıca səbəbi kimi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyinin olduğunu qeyd etməklə tələbələrin suallarına ətraflı cavablar veriblər.
Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam edəcəkdir.