Silsilə tədbirlər çərçivəsində təşkilat tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, “20 Yanvar – Tarixə qayıdış” anım tədbiri və Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə “20 Yanvar-sarsılmaz milli birliyin simvolu” tədbiri keçirilib.
Təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin, üzv və könüllülərin iştirakı ilə 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
Faciənin 32-ci ildönümü ilə əlaqədar Gənclər Təşkilatlarının Resurs Mərkəzində “20 Yanvar – Tarixə qayıdış” anım tədbiri keçirilib. 20 Yanvar hadisələrinin canlı şahidləri olan 20 Yanvar əlili, I Qarabağ müharibəsi qazisi Arif Məhərrəmov və Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlunun iştirakı ilə keçən tədbirdə 32 il əvvələ – tarixə qayıdış edilərək, gənclərə o qanlı gecədə baş verənlər, həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət, milli azadlıq hərakatı və xalqımızın mübarizlik ruhu haqqında danışılıb.
Silsilə tədbirlər çərçivəsində təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və könüllü gənclər Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunan “20 Yanvar-sarsılmaz milli birliyin simvolu” tədbirində iştirak ediblər. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov və digər natiqlər çıxışlarında diqqətə çatdırıblar ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Heç şübhəsiz, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının mübarizə əzminin təntənəsinə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı bir daha şahid olub.
Tədbirin ikinci hissəsində Azərbaycan Fotoqraflar Birliyi (AFB) tərəfindən çəkilən, qanlı yanvar gecəsini əks etdirən “Faciənin fotosu” sənədli filmi nümayiş olunub. Filmdə 32 il bundan öncə qanlı yanvar gecəsi zamanı 14 fotoqrafın çəkdikləri fotolar əks olunub.
Gənclər, həmçinin tədbirdə nümayiş olunan muzeyin kolleksiyasından ibarət faciəni əks etdirən kataloqlar və rəsm əsərləri ilə tanış olublar.
Tədbirlərdə qeyd edilib ki, müasir geosiyasi transformasiyalar, beynəlxalq münasibətlərdəki qeyri-müəyyənlik, beynəlxalq hüquq prinsiplərinin eroziyası şəraitində cəmiyyətin yekdilliyi, ümummilli maraqlar ətrafında sıx birləşməsi, hakimiyyət-xalq birliyi dövlət müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin yeganə yoludur. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi müasir gənclikdə dövlətçilik ruhunu gücləndirməklə ölkənin gələcək taleyinə məsuliyyət hissini artırır. Azərbaycan Prezidenti dəfələrlə qeyd etmişdir ki, xalq və hakimiyyət birliyi müstəqilliyin təminatçısıdır və gəncliyin bu prosesdə rolu son dərəcə əhəmiyyətlidir.