“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Mingəçevir şəhərində və Şamaxı rayonunda yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.
Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.
Bildirilib ki, proqram çərçivəsində bugünədək Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron və Biləsuvar rayonları daxil olmaqla Vətən müharibəsi qaziləri ziyarət olunaraq, sosial vəziyyətləri ilə yaxından maraqlanılıb.
Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.
Adı çəkilən proqramla yanaşı təşkilat tərəfindən davamlı olaraq gənc qazilərlə bağlı sosial-psixoloji reabilitasiyası, məşğulluq, qeyri-formal təhsil, ixtisasartırma, fərdi inkişaf və asudə vaxtın səmərəli təşkili sahələrində layihələrin keçirilməsi də nəzərdə tutulur.
Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və ictimai birliyin sosial media hesabları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər.
“Böyük Qayğı” proqramı “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.